Map Location A line styled icon from Orion Icon Library.

Bakı şəhəri

Heydər Əliyev Prospekti 95a

Time Limit A line styled icon from Orion Icon Library.

B.ertəsi-Cümə: 9:00 - 18:00

Şənbə: 09:00 - 15:00

Gömrük Rəsmiləşdirilməsi Platformasında GTİN-nin əlavə olunması imkanı yaradılıb

Qloballaşan dünyada əsas çağırışlardan biri də ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsidir. Proseslərin sürətləndirilməsi məqsədilə müxtəlif innovativ yeniliklər, elektron həllər tətbiq olunur ki, bunlardan biri də fərqli xüsusiyyətlərə malik olan malların unikal kodlaşdırılmasını təmin edən “Global Trade Item Number” (GTİN), yəni Əmtəənin Qlobal İdentifikasiya Nömrəsidir. Üzərində ştrix kodları və rəqəmləri əks etdirən hər bir məhsul vahidini eyniləşdirən və növündən asılı olaraq dəyişən unikal məhsul nömrəsi – GTİN Qlobal Standart 1 tərəfindən yaradılıb.

GTİN məhsulun təqibi, sifariş prosesi, inventar, logistika və təchizat zəncirinin idarəolunmasında istifadə edilir.

Məhsullarla bağlı doğru məlumat əldə edilməsinə, eyniləşdirilməsinə imkan yaratdığından GTİN istehlakçı məmnuniyyəti baxımından da mühüm önəm daşıyır.

Həmçinin GTİN e-ticarət platformalarında məhsulların tanınması, məlumatların daha çox müştəriyə çatması və satışın artması baxımından da əlavə imkanlar yaradır.

Dövlət Gömrük Komitəsi tərəfindən də Gömrük Rəsmiləşdirilməsi Platformasında GTİN-nin əlavə olunması imkanı yaradılıb.

Belə ki, GTİN gömrük bəyannaməsi tərtib olunarkən, həmçinin elektron invoysun doldurulması sistemində nəzərdə tutulmuş xanada qeyd edilə bilər.

“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.3.10-cu yarımbəndinə əsasən qaimə fakturanın bütün növlərinə vergi ödəyiciləri tərəfindən könüllü olaraq istehsal və ya idxal olunmuş malların GTİN-lərinin qeyd edilməsi üçün sütun əlavə edilib.

GTİN-in tətbiqi biznes prosesin daha şəffaf, sürətli və asan şəkildə reallaşdırılması baxımından ilk növbədə sahibkarlar üçün faydalı olacaq.

GTİN-in ölkə ərazisində tətbiq edilməsi saxta məhsulların idxalının və istehsalının qarşısının alınmasına şərait yaradacaq ki, bu da həm sahibkarların, həm də istehlakçıların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda idxalçı, istehsalçı, topdan və pərakəndə satıcılar tərəfindən uçotun rahat və dəqiq qurulmasına, vergi yoxlamaları zamanı vergi ödəyiciləri tərəfindən təqdim edilən elektron qaimə-fakturalar üzrə maliyyə itkilərinin minimuma endirilməsinə imkan yaradacaq.

GTİN-in tətbiqi həm də gömrük inzibatçılığı sahəsində şəffaflığın tam təmin olunması deməkdir.

Hazırda gömrük rəsmiləşdirilməsi zamanı mübahisələndirilən sahələrdən biri gömrük dəyərinin düzgün müəyyən edilməsidir. GTİN-in tətbiqi məhsulların idxalatçıdan istehsalçıya qədər izlənməsinə şərait yaradır ki, nəticədə mallar barədə dəqiq məlumatlar əldə edildiyinə görə gömrük orqanları tərəfindən gömrük dəyərinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcək.

GTİN vergi inzibatçılığı baxımından da bir sıra üstünlüklər yaradır. İdxal və ölkə ərazisində istehsal olunan mallara GTİN-in tətbiqi məhsulların dəqiq uçotunun aparılması, vergidən yayınma hallarının minimuma endirilməsi deməkdir. GTİN hesabına idxal, ixrac, pərakəndə və topdan ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin təklif və əldə etdikləri malların təqib və izlənilməsi həyata keçiriləcək ki, bu da ölkə ərazisində fəaliyyət göstərən bütün vergi ödəyicilərinin mal dövriyyəsi üzrə virtual elektron anbarın yaradılmasına şərait yaradacaq.

GTİN-in tətbiqi hesabına xarici ticarət əməliyyatları, gömrük rəsmiləşdirilməsi sürətli və şəffaf qaydada həyata keçiriləcək, vergi inzibatçılığı daha asan və daha dolğun şəkildə qurulacaq.

Oxşar xəbərlər